
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı
direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfər
edib.
Bu barədə Trend-ə ARDNF-dən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti yüksək
səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı
təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və
investisiya imkanları üzrə müzakirələr aparıb.
Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun
həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir.
Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı
mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin
genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni
trendlər müzakirə edilib.
Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl
Milken ilə görüşmüşdür. Kapital bazarlarının inkişafında mühüm rol
oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və
təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə
keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal
tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar
üzrə strateji istiqamətlər müzakirə edilib. Tərəflər həmçinin
gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən
keçirib.
ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindən
təşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirak
edib. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit
çərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiya
və biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış edib.
Panel müzakirələri zamanı Rövşən Cavadov Asiya və Yaxın Şərq
arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya
və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin
formalaşdığını qeyd edib. O, suveren fondların regional dəyər
zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və
iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə
məlumat verib. Rövşən Cavadov əlavə edib ki, ARDNF uzunmüddətli və
dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda
yaranan yeni imkanları yaxından izləyir.

