
Bakı. Trend:
Azərbaycan və Gürcüstan dəfələrlə dezinformasiyanın hədəfi
olub.
Bunu Trend-ə
müsahibəsində “Eurocracy – Former Europe” adlı gürcü proqramının
aparıcısı İoane Şaişmelaşvili Azərbaycanda “İctimai etimadın
formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”
mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, feyk xəbərləri vaxtında aşkar etmək və
onları ifşa etmək olduqca vacibdir və bu, yalnız etibarlı mənbələrə
əsaslanmaqla mümkün olur.
“Ölkələrimiz strateji tərəfdaşlardır və media platformaları
arasında əlaqələri inkişaf etdirmək bizim üçün son dərəcə
önəmlidir. Siyasətçilər, iş adamları və digər fikir liderləri
cəmiyyətlə məhz media – televiziya, radio, internet və sosial
şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Buna görə də media dəqiq
informasiyaya malik olmalı və milli təhlükəsizliyin maraqları
naminə fəaliyyət göstərməlidir”, – deyə İ. Şaişmelaşvili
bildirib.
O vurğulayıb ki, forum təcrübə mübadiləsi üçün mühüm imkan
yaradır:
“Biz Gürcüstandakı vəziyyət barədə danışırıq, həmkarlarımız isə
Azərbaycandakı vəziyyətdən – qanunvericilikdən, hüquqi əsaslardan,
praktiki nümunələrdən, problemlərdən və onların həlli yollarından
bəhs edirlər. Bu, media platformaları arasında, ümumilikdə isə
ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox
vacibdir.”
İ. Şaişmelaşvili həmçinin dövlət dəstəyinin zəruriliyini
vurğulayıb:
“Dövlət milli səviyyədə prioritetləri müəyyənləşdirməli və
qarşıdakı əsas çağırışları bizimlə bölüşməlidir. Media isə
informasiya məkanının necə formalaşdırılması və vacib mesajların
auditoriyaya necə çatdırılması üzərində işləməlidir.”

