
Bakı. Trend:
Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor Qrant
Singerin “Reenactment” adlı yeni bədii filminin aktyor heyətinə
daxil olub. O, ekran işində dünya ulduzları – Benisio del Toro,
Kameron Dias və Ana de Armas ilə birlikdə rol alacaq.
Bu barədə Trend-ə aktyor özü məlumat verib.
Layihə Benisio del Toronu yenidən Qrant Singer və “Black Label
Media” istehsalat şirkəti ilə bir araya gətirir. Filmin süjeti
kimi, Eldar İsgəndərovun rolu da hələlik gizli saxlanılır.
Çəkilişlərə bu ilin sonunda Los-Ancelesdə başlanacaq.
Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov
Niderland və Belçikada böyüyüb. O, Azərbaycanın Xalq artisti,
əfsanəvi aktyor və rejissor Şahmar Əlixanovun (1943–1992)
nəvəsidir. Eldar Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD)
məzunudur. “Reenactment” bu il aktyorun oynadığı üçüncü bədii
filmdir. Bundan əvvəl o, “A24” və “Fruit Tree” studiyaları üçün
aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada,
eləcə də “Topic Studios” üçün çəkilən və Cordan Förstmanın rejissor
debütü olan “Club Kid” filmində rol alıb.

