
Bakı. Trend:
Bu il “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası ilk dəfə sirk
tematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəng
personajların, canlı şouların, musiqinin və özünəməxsus dekorların
harmoniya təşkil etdiyi unikal bir məkana çevirir.
Bu barədə Trend-ə “Nargis” Fondunun mətbuat xidmətindən məlumat
verilib.
Bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev,
üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli,
“xoxan” labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar və
sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni
konstruksiyalar qarşılayacaq.
2013-cü ildən etibarən hər il “Nargis” Fondunun təşkilatçılığı
ilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş
“Soyuq Əllər, İsti Ürək” yarmarkası bu il də xeyriyyə məqsədilə
keçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan
evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin
qarşılanmasına sərf edilir. Hər il olduğu kimi, yarmarkanın maliyyə
hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi
www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında
paylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmət
müəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkaya
qatılacaqlar.
“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının qapıları 8
yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıq
olacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir.
Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqin
ləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətli
təamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri və
suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri ilə
birlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanı
qazanacaqlar.
Yarmarkanın təşkil edilməsində tərəfdaşların və sponsorların
müstəsna rolu olmuşdur. Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra
Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan
Dövlət Reklam Agentliyi, Epoint və Pasha Holding Təhlükəsizlik
Xidmətidir. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sponsorlar
“PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Tess”, “Luxurywine”
“Birmarket”, “Ozmo”, “Bioderma”, “Vyana Şokolad Evi”, “Xırta-Xırt”,
“Magnolia”, “Sweetelnik”, “Taste of Friendship”, “Corndogs”,
“Çubuq”, “Eat Me”, “Fettycheese”, “Panda Noodle”, “Atabey Çiğköfte”
və “Mandu” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib
Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik!
Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun!

