Yağış Bakını niyə iflic edir? –

Baş səhifə

Yağışlı hava şəraiti Bakının küçə və prospektlərində hər dəfə eyni mənzərəni yaradır — yollarda su yığılır, nəqliyyatın hərəkəti çətinləşir və müxtəlif fəsadlar ortaya çıxır. Bəs bu cür problemlərin yaranmaması üçün hansı işlər görülməlidir?

Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, su axın-kommunikasiya (su axın təmizləyici) texniki avadanlıqlarının əksəriyyəti on illər əvvəl, əsasən də Sovetlər Birliyi dövründə çəkilib. Onların gücü o vaxt Bakı şəhərində 1-1,5 milyon əhali sayına görə, müəyyən ehtiyat payı nəzərə alınmaqla inşa olunub.

Ekspertin sözlərinə görə, hər dəfə yağış suları ilə birlikdə meydana çıxan məsələ ilə bağlı iki məqam var:

“Birincisi, həmin dövrdə quraşdırılmış texniki avadanlıqların istismar müddəti artıq bitib — üstündən 30, 40, 50 il keçib. İkincisi, əhali sayı iki-üç dəfə artıb. Tikilən binaların, yaşayış evlərinin, ticarət obyektlərinin, restoranların, kafelərin, şadlıq evlərinin sayı da kəskin çoxalıb. Yəni tələbat ödənmir, ona görə də bu fəsadlar hələlik davam edəcək”.

C.Həsənov diqqətə çatdırıb ki, dövlət tərəfindən artıq qərar verilib və bütün bu sistem mərhələli şəkildə dəyişdiriləcək:

“Bu, təbii ki, birdəfəlik mümkün deyil – əvvəl bir prospekt, sonra bir neçə prospekt, daha sonra bir rayon olmaqla etap-etap yenilənəcək. Tam dəyişdirildikdən sonra hətta indiki yağış normasından beş-on dəfə çox yağış yağsa belə, bu gölməçələri və fəsadları görməyəcəyik. Necə ki, əvvəl rastlaşmırdıq: o vaxt istismar müddəti bitməmişdi və indiki qədər yük də yox idi. Çünki əvvəllər bir prospektdə və ya rayonda cəmi bir-iki kommersiya və yaşayış obyekti vardısa, indi bir prospektdə yüzlərlə obyekt, restoran, şadlıq evi, üstəgəl çoxsaylı yaşayış massivləri və inzibati binalar var. Bu isə 30–50 il əvvəlki sistemin nə texniki, nə də yük baxımından tələbatı ödəməməsi deməkdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.