
Bakı. Trend:
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT)
üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın növbəti iclası
keçirilib.
Trend bu barədə
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, iclasda İqtisadiyyat Nazirliyi və Komissiyada
təmsil olunan digər aidiyyəti qurumların üzvləri iştirak
ediblər.
İclasda çıxış edən Komissiya rəhbəri, iqtisadiyyat naziri
Mikayıl Cabbarov qeyd edib ki, ölkə başçısı tərəfindən müəyyən
edilmiş əsas hədəflərdən biri yeni çağırışların müşahidə olunduğu
müasir dövrdə Azərbaycanın davamlı və dayanıqlı iqtisadi artımına
nail olmaqdır. Bu kontekstdə xarici bazarlara çıxış imkanlarının
genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İclasda rəqabətqabiliyyətli yerli istehsalın inkişafı və ixrac
potensialının genişləndirilməsi kimi istiqamətlər nəzərdən
keçirilib, təşkilata üzvolma prosesi çərçivəsində aparılan
danışıqlarda atılacaq növbəti addımlar qərarlaşdırılıb.

