Əsədin müttəfiqləri qiyama hazırlaşır

Baş səhifə

Suriyada sabiq kəşfiyyat rəhbəri Kamal Həsən və keçmiş prezident Bəşər Əsədin əmisi oğlu, oliqarx Rami Mahluf ölkənin sahilyanı əyalətlərində qiyam törətmək məqsədilə on minlərlə silahlı şəxsdən ibarət yeni qruplaşmalar yaradır.

Modern.az xəbər verir ki, bu barədə Reuters geniş araşdırmasında məlumat yayıb.

Agentliyin yazdığına görə, Həsən və Mahluf Suriya rejiminin süqutundan əvvəl yaradılmış 14 yeraltı silah anbarı üzərində nəzarəti ələ keçirmək uğrunda da mübarizə aparırlar. Məqsəd illərlə dövlətin dayağı olmuş ələvi icması daxilində yenidən güc toplamaqdır.

Məlumata görə, Bəşər Əsəd qaçışdan sonra faktiki olaraq siyasi proseslərdən kənarlaşıb. Onun ətrafındakı yüksəkçinli şəxslər isə təsirini itirməklə barışmır, lakin aralarında ciddi rəqabət hökm sürür.

Mənbələr bildirir ki, hazırda Kamal Həsən, Rami Mahluf və digər iddiaçılar Suriya və Livanda təxminən 50 min silahlı döyüşçü formalaşdırmaq üçün böyük maliyyə vəsaitləri yönəldirlər. Bu döyüşçülərin əksəriyyəti ələvi icmasının nümayəndələridir.

Reuters araşdırma çərçivəsində təxminən 50 nəfərlə müsahibə aparıb, həmçinin maliyyə və əməliyyat sənədlərini, eləcə də səsli və mətn yazışmalarını incələyib. Agentlik yazır ki, qiyamı hazırlayan şəxslərin Rusiya, Livan və BƏƏ-də fəaliyyət göstərən köməkçiləri arasında da ziddiyyətlər mövcuddur və onların heç biri Bəşər Əsədin hakimiyyətə qaytarılmasını istəmir.

Araşdırmada qeyd edilir ki, Kamal Həsən davamlı olaraq keçmiş komandanlarla əlaqə saxlayır, təsir dairəsini itirdiyindən gileylənir və Suriya sahil bölgəsini idarə etmək üçün “böyük planlar” qurur.