
Bakı. Trend:
Bakı–Supsa (WREP) və Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərlərinin
operatorluğunun müvafiq dövlət orqanlarına təhvil verilməsi üçün
zəruri tədbirlərin vaxtında planlaşdırılması məqsədilə müzakirələr
aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq bp-dən bildirilib.
Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən
neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə
əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət
qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulmuşdur. Məhz
bu sazişlərə əsasən 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin
operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil
verilmişdi.
Yenə də həmin sazişlərə əsasən Qərb İxrac Boru Kəməri
(Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin
operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan,
Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə
tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında
planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır.
Qeyd edək ki, Bakı–Supsa kəməri nefti Xəzər dənizindən
Gürcüstanın Supsa terminalına çatdırır, BTC kəməri isə AÇG
yatağından neft və “Şah Dəniz” yatağından kondensatı Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən keçirərək Ceyhan terminalına
çatdırır.
BTC kəməri 2006-cı ildən fəaliyyət göstərir və operatoru
bp-dir.
BTC-nin səhmdarları: bp (30.10%), SOCAR (32.97%), MOL (8.90%),
TPAO (6.53%), Eni (5.00%), TotalEnergies (5.00%), ITOCHU (3.40%),
ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) и INPEX (2.50%).

