“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

Baş səhifə

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) qaz nəqlindən əldə etdiyi gəlirin 2025-2028-ci illər ərzində illik təxminən 1,5 milyard ABŞ dolları səviyyəsində sabit qalacağını proqnozlaşdırır.

Bu barədə “Report” agentliyə istinadən xəbər verir.

“Kapital xərcləri 2025-2028-ci illərdə orta hesabla ildə təxminən 0,2 milyard ABŞ dolları təşkil edəcək”, – məlumatda qeyd olunub.

“Fitch”in məlumatına görə, 2025-ci il avqustun 31-nə SGC 2,3 milyard ABŞ dolları pul vəsaiti və depozit, həmçinin “SOCAR Capital” ilə xəzinə sazişi çərçivəsində 1,5 milyard ABŞ dolları vəsaitə malik olub.

Bildirilib ki, 2026-cı ilin mart ayında 2 milyard ABŞ dolları məbləğində avroistiqrazlar ödənilməlidir. “Fitch” şirkətin öhdəliklərini mövcud vəsaitlər hesabına yerinə yetirəcəyini gözləyir. 2025-2028-ci illərdə borcun ödənilməsi bank kreditləri üzrə yalnız mülayim amortizasiya ödənişlərini (ildə təxminən 0,12 milyard ABŞ dolları) nəzərdə tutur.

“SGC-nin borcu 2 milyard ABŞ dolları məbləğində avroistiqrazlar və 2032–2046-cı illərdə ödənilmə müddəti olan 1,5 milyard dollar məbləğində beynəlxalq inkişaf banklarının kreditləri daxildir. Kreditorlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiyalar Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı var”, – məlumatda bildirilib.

“Fitch”in qiymətləndirməsinə görə, şirkətin qaz nəqlindən əldə etdiyi EBITDA mütləq rəqəmlərlə sabit qalacaq, lakin onun ümumi EBITDA-dakı payı artacaq. Bu göstərici 2024-cü ildəki təxminən 60 % ilə müqayisədə 2027-ci ilə qədər təxminən 80 %-ə çatacaq.

SGC-nin “upstream” seqmenti “Şahdəniz” yatağının təbii ehtiyatlarının tükənməsi fonunda hasilatın tədricən azalmasına məruz qalır. Bu seqment, həmçinin qaz və neft qiymətlərindən asılıdır. Çünki müqavilə həcmlərinin əhəmiyyətli hissəsi xammal məhsulları kotirovkalarına bağlıdır. “Fitch” 2025-2028-ci illərdə EBITDA-nın hasilat seqmentində və onun payının azalmasını (2024-cü ildəki təxminən 40 %-dən) proqnozlaşdırır. Bu da həm həcmlərin azalması, həm də xammal qiymətlərinin gözlənilən enişi ilə bağlıdır.

Agentlik qeyd edib ki, SGC-nin bazar mövqeyi Avropanın qaz mənbələrini şaxələndirmək səyləri və Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) Aİ Qaz Direktivinin ayrı-ayrı müddəalarından azad olma statusu verilməsi də daxil olmaqla, iri infrastruktur layihələrinə siyasi dəstəklə güclənir. Şirkət həmçinin Türkiyənin inkişaf edən qaz bazarına çıxış əldə edir. Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) və TAP ötürücülük qabiliyyətini artırmaq imkanına malikdir.

“Biz proqnozlaşdırırıq ki, EBITDA üzrə xalis leverec 2025-2028-ci illərdə orta hesabla 0,5x (2024-cü ildə 0,3x) təşkil edəcək ki, buna da pul axınlarının sabit şəkildə formalaşması və kapital xərclərinin aşağı səviyyədə olması töhfə verir. Biz gözləyirik ki, 2026-cı ildən başlayaraq SGC formalaşan illik vəsaitin böyük hissəsini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və dövlətə dividend şəklində yönləndirəcək”, – Fitch bildirir.

“Cənub Qaz Dəhlizi”ndə 49 % pay dövlətə, 51 % pay isə Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. “Cənub Qaz Dəhlizi” Xəzəryanı regiondan Avropaya qazın nəqli üçün inşa edilib. Azərbaycan 2020-ci il dekabrın 31-də SGC vasitəsilə qaz ixracına başlayıb.

Azərbaycan qazına tələbatın artmasını nəzərə alaraq, Avropaya təchizat üçün TANAP və TAP qaz boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması hesabına Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlaşdırılır.