Asiya İnkişaf Bankının dəstəyi ilə ADY-nin dekarbonizasiyası üzrə strateji layihəyə start verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı
(AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə
təqdim olununb.

Trend xəbər
verir ki, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihə
Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlı
dəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədi
daşıyır.

Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial
aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin
aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə
keçidini sürətləndirəcək.

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli
dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu
şirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə
Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji
çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu
infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış
investisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların
monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və
qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan
texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində,
həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texniki
dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq
təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim
proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq
proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG
prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender
bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması,
qərarların qəbul edilməsində və idarəetmədə qadınların
təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin
“Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf
İstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma,
dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin real
fəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib.
ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat marşrutlarının kəsişməsində strateji tranzit mərkəzinə
çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür:




“Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının
artması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji
məsuliyyət baxımından gücləndirilməsini tələb edir –
dekarbonizasiya isə məhz bu imkanları daha da artırır.”

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata
keçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafın
təmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindən
ayrılmış 1,25 milyon ABŞ dolları həcmində texniki yardım dəmir yolu
infrastrukturunda enerji səmərəliliyinin artırılması,
elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların
azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait
yaradır. Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindən
mərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerji
mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət
sahələrinə inteqrasiyası nəzərdə tutulur.

Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı,
Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%,
2050-yə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə istiqamətində
fəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkə
üzrə ümumi emissiyalarda payının 0,5%-dən az olmasına baxmayaraq,
ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam
edir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsində
bir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qaz
istehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63%
elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxu
elektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıl
texnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotiv
depolarında 650-dən çox günəş paneli quraşdırılıb və “yaşıl
enerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-nin
modernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir. AİB ilə
əməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə yük
əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin
stansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçün
rəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya üzrə layihə bərpaolunan enerjinin inteqrasiyası,
enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və
uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək
üçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdə
tutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz
nəqliyyat növü kimi formalaşmasına imkan verəcək.

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyə
institutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə,
dəhlizlərin inkişafına və iqlim fəaliyyətininin
optimallaşdırılmasına töhfə verməklə şirkətin regional möqeyini
gücləndirir.