Səfir: Çin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir

Baş səhifə
Səfir: Çin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir

Çin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Lu Mey Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşü zamanı bildirib.

Vüqar Süleymanov Çinin Azərbaycanda minatəmizləmə fəaliyyətinə maliyyə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və bu addımı humanitar həmrəyliyin göstəricisi olduğunu qeyd edib.

Bununla yanaşı, səfirə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə ətraflı məlumat verilib.

Səfir minatəmizləmə sahəsinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi olduğunu deyib. Həmçinin, o, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanmış sənədlərdən birinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığı əhatə etdiyini və hazırkı ianənin həmin memorandum çərçivəsində edildiyini vurğulayıb.

Tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq məsələləri, o cümlədən təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparıb.

Sonda tərəflər köçürülmüş ianə ilə bağlı müvafiq sənəd mübadiləsi edib.