
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla
saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan
tədbiri ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə
məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin
Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin
seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli
barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ
keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə
yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri
Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli
barələrində aparılan araşdırma çərçivəsində DTX-də
dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra DTX-yə
aparılıblar.
Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və
dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə
əlaqədardır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev
Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə
yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət
yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham
olunur.

