Bu gün Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciət edib. O, son iki əsrdə azərbaycanlıların dəfələrlə deportasiyalar və soyqırımıları ilə üz-üzə qaldıqlarını vurğulayaraq bildirib ki, Azərbaycanın əzəli torpaqlarına ermənilərin köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüzminlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.
Prezident qeyd edib ki, dağlıq bölgələrdə yaşamış azərbaycanlıların Ermənistandan Azərbaycanın isti iqlimi olan yerlərinə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.
Ermənilər Cənubi Qafqaza, xüsusən Azərbaycan torpaqlarına yerləşdirildikdən sonra azərbaycanlılara (türklərə) məxsus bütün tarixi qeyr-maddi-mədəni irsə aid abidələri, qəbiristanlıqları, inanc yerlərini, məscidləri dağıdıblar. Onlar bununla Azərbaycan türklərinin izlərinin indi Ermənistan adlanan torpaqdan silməyə çalışıblar. Dövlət başçısı bu məsələlərə toxunaraq əlavə edib ki, ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə Azərbaycana dəstəyi olduqca əhəmiyyətlidir.
Ötən əsrdə baş vermiş belə cinayət hadisələrinin əyani görüntüsünü Ermənistan işğalından azad edilən Azərbaycan torpaqlarında görmək mümkündür.
Azərbaycanlılar Qərbi Azərbaycan torpaqlarından zor tətbiqi ilə çıxarılan zaman beynəlxalq və başqa bütün hüquq, norma və qanunlar ayaqlar altına alınıb. Ermənilər havadarlarının, onları bu ərazilərə yerləşdirənlərin yardımı və dəstəyi ilə azərbaycanlılara qarşı hər cür cinayətləri törədiblər.
Tarixi faktlar erməni əhalinin Azərbaycan torpaqlarına köçürülməsini birmənalı şəkildə təsdiqləyir. Çar Rusiyası onlardan regionda “beşinci kolon” kimi istifadə etməyi hədəfləmişdi. Bununla Qacar və Osmanlı dövlətlərinə qarşı ermənilərdən istifadə edilirdi. Sonrakı illərdə bu özünü dəfələrlə təsdiqləyib. Osmanlı və Qaçar dövlətləri ərazilərində Fransa, Rusiya və başqa havadarların yardımı ilə türklərə, azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər. Onların 1918-ci ilin martında türklərə, azərbaycanlılara qarşı himayədarları ilə birlikdə törətdikləri qırğınlar bütün cinayətlərin mənzərəsini yaradır.
Rusiya imperiyasının Qacar dövlətindəki səfiri, rus diplomatı Aleksandr Qriboyedov ermənilərin Cənubi Qafqaza köçürülməsində fəal iştirak edib. Tarixi sənədlərə əsasən, Türkmənçay müqaviləsi nəticəsində 40 min erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. Onlar əsasən Naxçıvan, İrəvan, Qarabağ xanlıqlarında yerləşdiriliblər. Qriboyedov bu barədə belə yazıb: “Erməni əhali əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər… onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz, həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar”.
Rusiya çarı I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan “Erməni vilayəti” adlı yeni inzibati qurum yaradılmışdı.
Ermənilərin yerləşdirilməsi, onlara verilən imtiyazlar və başqa bu kimi məsələlərə dair tarixdə çoxlu sayda örnək var.
Çar Rusiyasının varisi SSRİ də erməniləri himayə etmək kimi çarlardanqalma ənənəni davam etdirib. Cənubi Qafqazda Ermənistan adlı respublikanın yaradılması azmış kimi, Azərbaycanın Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma qurumu yaradaraq onların xülyasını reallaşdırmağa zəmin hazırlayıblar. SSRİ hakimiyyətinin yürütdüyü milli siyasi kurs nəticəsində Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Məlumatlara əsasən, 20-ci əsrdə iki milyon azərbaycanlı terror, deportasiyalar, soyqırımları vasitəsilə məhv edilib.
SSRİ-i dağılandan sonra da lobbinin dəstəklədiyi erməni daşnaklar Qarabağ və ətraf rayonlarda da Ermənistanda, Güney Azərbaycanda törətdikləri cinayətləri təkrarlayıblar. Onlar bu ərazilərdəki bütün tarixi abidləri, dini ibadət yerlərini dağıdıb, yararsız hala salıblar.
Azərbaycan torpaqlarını iki yüz illik işğaldan və pis əməllərin nəticələrindən təmizləyib. İndi həmin torpaqlara yerli sakinlər, Azərbaycan vətəndaşları qayıdır, işğalçıların xarabazara çevirdiyi ərazilərdə yenidənqurma işlər görülür.
Ermənistan hakimiyyəti isə azərbaycanlıların tarixi ərazilərinə, yaşadıqları yerlərə xaricdən erməniləri köçürürlər. Onlara Ermənistan vətəndaşlığını təsdiqləyən pasportlar verilir. Hətta azərbaycanlıların mülkiyyətini belə onların adına sənədləşdirirlər.
Ermənistan hakimiyyəti qanunazidd bu davranışı ilə Qərbi azərbaycanlıların vətəndaş hüquqlarını pozur.
Azərbaycan Prezidenti müraciətində Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb: “Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir”.
Ermənistan azərbaycanlıların mədəni irsinin bərpasına, onların qayıdışına şərait yaratmaqla iki ölkə arasında düşmənlik səhifələrinin qapadılmasına da təkan verər. Bu, həm də azərbaycanlılarla erməni cəmiyyətlərinin bir-birinə etibar və etimadın yaranmasına, dinc yanaşı yaşamağa yardım edər.
Azərbaycan indiki vəziyyətdə tərəflərin maraqlarını nəzərə alaraq bunun sülh, dialoq, müzakirələr yolu ilə həllinə çalışır. Belə davranış, niyyət ölkələr arasında sülh prosesinə, normallaşmaya xidmət edir.
Dövlət başçısı bu ilin avqustunda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin Vaşinqton görüşünü xatırladaraq onun da Qərbi azərbaycanlıların qayıdış prosesinə, tərəflər arasında sülh, ümid və inama xidmət edəcəyini vurğulayıb: “2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır”.
Dövlət başçısı Qərbi Azərbaycan İcmasının sülhsevər üzvlərinin öz ata-baba yurdlarına qayıdacağına inandığını vurğulayaraq qeyd edib ki, bu proses xalqlar arasında mehriban qonşuluq münasibətləri yaradacaq.
Yeri gəlmişkən, Qərbi azərbaycanlılar Ermənistandan didərgin salındığı gündən qayıdışla bağlı fəaliyyət göstərib. Qərbi Azərbaycan İcması 1989-cu il dekabrın 28-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” adı ilə təsis edilib. 1992-ci il fevralın 14-də eyni adla dövlət qeydiyyatına alınıb, 2014-cü il sentyabr 5-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi” adı ilə təkrar dövlət qeydiyyatına götürülən təşkilatın hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin Ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib.
Bəziləri elə düşünürlər ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı tələbi yenidir. Ancaq onlar Ermənistan vətəndaşlığı hüquqları tapdanan, pozulan gündən bu istiqamətdə fəaliyyət göstəriblər.
Son illər Prezident İlham Əliyev onların bu istiqamətdə fəaliyyətini dövlət səviyyəsində dəstəkləyir. Bu barədə müxtəlif beynəlxalq görüşlərdə, xarici mediaya müsahibələrində vurğulayır. Qayıdışla bağlı Bakıda III beynəlxalq konfransın keçirilməsi də bunu təsdiqləyir. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh, normallaşma, qarşılıqlı etimadın yaranması zorla əlindən alınan, vətəndaşlıqdan güc yolu ilə məhrum edilən, mülkiyyəti cinayət törədilərək mənimsənilən 300 minə yaxın Qərbi azərbaycanlının hüquqlarının bərpasından onların vətənə dönüşündən də asılıdır.
Bu, Ermənistana qarşı ərazi iddiası deyil, əksinə, onun monoetniklikdən xilas edilərək sivil dövlətə çevrilməsinə dəstəkdir. Beləliklə, Qərbi azərbaycanlıların qayıdışı Azərbaycan-Ermənistan münasibətlərinin indikatorudur.

