Şuşa. Trend:
İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə
şəbəkəsinin yaradılması çərçivəsində, yerüstü su ehtiyatlarını
qiymətləndirmək üçün 10 çayda 11 avtomat hidroloji stansiya
quraşdırılıb.
Trend-in bölgə
müxbirinin verdiyi məlumata görə, bunu bu gün Xankəndi şəhərində
keçirilən Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında ekologiya və
təbii sərvətlər nazirinin müavini, İşçi Qrupun rəhbəri Vüqar
Kərimov bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə meteoroloji vəziyyətin
öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3
aqrometeoroloji stansiya istifadəyə verilib.
“Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xurama qum-çınqıl
yataqları, Qubadlı rayonunda Muğanlı tikinti materialları
yataqları, Ağdam rayonunun Xaçınçay qum-çınqıl yatağı və Qubadlı
rayonunun Muradxanlı qum-çınqıl yatağında aparılan geoloji
qiymətləndirmə işləri başa çatdırılıb. Hazırda bu yataqlar müxtəlif
tikinti və yol infrastrukturlarının qurulmasında istifadə
olunacaq”, – Kərimov əlavə edib.

