“Azərbaycan Dəmir Yolları”nın karbonsuzlaşdırma proqramı qlobal səviyyədə rəqabətqabiliyyətli olacaq – AİB

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına onun qlobal
səviyyədə rəqabət aparmasına imkan verəcək karbonsuzlaşdırma
proqramının formalaşdırılmasında kömək edəcək.

Trend xəbər verir
ki, bunu bu gün AİB-in Energetika İdarəsinin inkişaf etməkdə olan
regionlar üzrə direktoru Sindi Sisneros-Tianqko Bakıda AİB və
Azərbaycan Dəmir Yolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma
üzrə layihənin təqdimatında etdiyi çıxışda deyib.

“Bütün dünyada dəmir yolu sektoru yeni bir dövrə qədəm qoyur. Bu
dövrü elektrikləşmə, rəqəmsallaşma və enerji istehsalı və
istifadəsində əsaslı dəyişikliklər müəyyən edir. Yaponiya və Çindən
Avstraliya və Avropaya qədər dünya liderləri ağıllı, aşağı karbon
emissiyalı dəmir yolu ekosistemləri yaradır. Azərbaycanın isə
yalnız bu hərəkata qoşulmaq deyil, həm də onun gələcəyinin
formalaşmasında iştirak etmək üçün unikal imkanı var,” – deyə o
bildirib.




Sisneros-Tianqko qeyd edib ki, karbonsuzlaşdırma layihəsini
formalaşdıracaq texniki yardım həm mühəndislik, həm də maliyyə
həllərindəki innovasiyaları özündə birləşdirir.

“Mühəndislik hissəsində biz kompleks həlləri öyrənəcəyik: bərpa
olunan enerji, enerji saxlama sistemləri, ağıllı mikroşəbəkələr,
rekuperativ əyləc sistemləri və hətta karbon udma texnologiyaları –
məqsəd fosil yanacağın istifadəsini azaltmaq və şəbəkənin elektrik
enerjisindən asılılığı minimuma endirməkdir,” – deyə o
bildirib.

Onun sözlərinə görə, mərhələli və sistemli tətbiq edildikdə, bu
həllər ADY-in uzunmüddətli enerji xərclərini azalda və şirkətin
karbon izini əhəmiyyətli dərəcədə azalda bilər.