
Bakı. Trend:
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və
imtiyazlar müəyyənləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ bu gün Milli Məclisinin Hüquq siyasəti
və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan “Dövlət
qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya
alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə
bilər.
Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç
misli miqdarında müavinət ödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi
xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş
şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü
keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin
orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl
dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan
bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş
dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları
müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.

