
Bakı. Trend:
“Moody’s” reytinq agentliyi yaxın 12–18 ay ərzində Azərbaycanın
bank sektorunun strukturunda ciddi dəyişikliklər gözləmir.
Bu barədə Trend
reytinq agentliyinə istinadla məlumat verir.
“2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə, Azərbaycanda
22 bank fəaliyyət göstərir (onlardan ikisi dövlət bankı, doqquzu
isə xarici kapitallı bank, biri isə xarici bankın yerli
filialıdır). Bu rəqəm 26 bankın fəaliyyət göstərdiyi 2020-ci ilin
sonuna olan göstəricidən azdır. Yaxın 12–18 ay ərzində sektorun
strukturunda ciddi dəyişiklik gözləmirik. Bank sistemi yüksək
dərəcədə konsentrasiya olunmuş olaraq qalır: 2025-ci ilin
ortalarına ən böyük dörd bank bazar payının 69 faizini əlində
saxlamışdır”, — deyə “Moody’s”in hesabatında qeyd olunur.
Agentlik həmçinin bildirir ki, Azərbaycanın bankları üçün
maliyyələşmə şərtləri depozitlərin çox yüksək dərəcədə
dollarlaşması ilə məhdudlaşır: “Bu isə müştəri depozit bazasının
qeyri-sabit və həssas olmasına, həmçinin topdansatış kapital
bazarlarına nisbətən daha baha çıxışa gətirib çıxarır”.
“Moody’s” analitikləri qeyd edirlər ki, xarici valyutada olan
depozitlərin payı hələ də MDB regionunda ən yüksək göstəricilərdən
biri olaraq qalır (2025-ci ilin sentyabr ayına ümumi depozitlərin
38 faizi, 2020-ci ildəki 56 faizlə müqayisədə azalmışdır). Eyni
zamanda depozitlərin tədricən dollarsızlaşdırılması və dövlət
dəstəyi nəticəsində manatla likvidlik yaxşılaşıb.
“Müştəri depozitləri Azərbaycan banklarının əsas maliyyələşmə
mənbəyidir. 2025-ci ilin sentyabr ayına olan vəziyyətə görə bu
depozitlər sistem üzrə bütün öhdəliklərin təxminən 75 faizini
təşkil edirdi, onlardan sonra maliyyə institutlarından alınan
kreditlər gəlir. Bankların topdansatış bazarından və transsərhəd
maliyyələşmədən asılılığı məhduddur və təkrar maliyyələşmə riskləri
nisbətən aşağıdır. Bundan əlavə, nağd vəsaitlər və onların
ekvivalentləri, banklara tələblər, eləcə də dövlət və kvazi-dövlət
borc qiymətli kağızlarına yatırımlar daxil olmaqla bank sisteminin
aktivlərinin təxminən 39 faizi likvid formada olub ki, bu da xarici
şoklara qarşı güclü bufer yaradır”,- deyə analitiklər
vurğulayırlar.

