İnformasiya təhlükəsizliyi və media ekosisteminin gücləndirilməsi dövlətin strateji prioritetidir – MEDİA rəsmisi

Baş səhifə

Bakı. Trend:

İnformasiya təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə
media ekosisteminin gücləndirilməsi hal-hazırkı dövrdə həm
cəmiyyət, həm də dövlət üçün həyati əhəmiyyət kəsb edir.

Trend xəbər
verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) Hüquq
şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan-Gürcüstan Media Forumu
çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media
ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunan panel
sessiyada çıxışı zamanı deyib.

Şöbə müdiri vurğulayıb ki, informasiya təhlükəsizliyinin təmin
edilməsi artıq təkcə strateji məsələ deyil, eyni zamanda dövlətin
milli təhlükəsizliyinin, strateji ictimai sabitliyinin və vətəndaş
cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib:

“Bu baxımdan güclü media ekosistemi informasiya
təhlükəsizliyinin təmin olunmasının əsas sütunlarından biri hesab
olunur”.




A.Tağıyevin sözlərinə görə, güclü media dedikdə bu gün yalnız
geniş texniki imkanlara malik media qurumları nəzərdə tutulmur:

“Güclü media həm də peşəkar jurnalistika, faktların
araşdırılması və geniş ictimai maarifləndirmə deməkdir. Məhz bu
elementlərin bir araya gəlməsi cəmiyyətdə təhrif olunmuş
məlumatların qarşısının alınmasına və vətəndaşların düzgün
istiqamətləndirilməsinə şərait yaradır”.

MEDİA rəsmisi əlavə edib ki, müasir dövrdə informasiya
təhlükəsizliyi hər bir dövlətin strateji prioritetlərindən biri
hesab olunur.

“Rəqəmsal dünyanın sürətlə inkişafı, sosial şəbəkələrin
genişlənməsi və informasiya axınının artması bir tərəfdən geniş
imkanlar yaratsa da, digər tərəfdən ciddi təhlükələr formalaşdırır.
Bu baxımdan dayanıqlı media ekosisteminin formalaşdırılması
xüsusilə vacibdir”, – deyə o fikrini tamamlayıb.