Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub – YENİLƏNİB

Baş səhifə

4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb.

İşğal dövrünün qalıqları olan Minsk Prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.

Görüş zamanı həmçinin, ATƏT çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər və geniş regionda təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

***

20:52

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Baş Katib Feridun Sinirlioğlu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çətinliklər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparılıb.