“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/8 finalında “Difai”yə qarşı qazanılan nəticəni yaxşı hesab etsə də, oyundan razı qalmayıb.
“Report” xəbər verir ki, bunu adıçəkilən komandanın çalışdırıcısı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bildirib.
İliç qazanılan qələbəyə görə futbolçulara təşəkkür edib:
“Bu mərhələni keçmək bizim üçün vacib idi. Nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı. Bəzi səhvlərimiz oldu. Çempionatda bu cür səhvlər bağışlanılmır. Artıq bu görüşü unudub növbəti matça köklənmək və səhvləri aradan qaldırmağa çalışmaq lazımdır”.
Qeyd edək ki, “Difai” – “Sumqayıt” qarşılaşması “gənclik şəhəri” təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. “Sumqayıt” 1/4 finalda “Zirə” ilə üz-üzə gələcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

