
Bakı. Trend:
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri
Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat
verilib.
Qonaqları səmimi salamlayan nazir V.Mustafayev V.Koakerin
Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsində
əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişaf
mərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafda
mühüm rol oynadığını vurğulayıb.
Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi
uğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqında
geniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqla
müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsinin
qarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.
V.Koaker isə səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü
bildirib. O, Azərbaycanın regional sabitlik və təhlükəsizlik
sahəsində oynadığı rolu yüksək qiymətləndirib və Birləşmiş
Krallığın müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə
Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu
vurğulayıb.
Qonaq Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətləri
yüksək qiymətləndirərək, iki ölkə arasında tərəfdaşlığın
dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Səmimi və konsturuktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

