
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının
missiyası ilə görüş olub.
Trend xəbər
verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, ötən dövrdə Nazirliklə Dünya Bankı arasında
uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Anar Bayramov son illər
ölkəmizdə əlillik və reabilitasiya sahələrində aparılan islahatlara
dair məlumat verib.
Əlilliyin qiymətləndirilməsi sisteminin rəqəmsal
infrastrukturunun qurularaq daim təkmilləşdirildiyi qeyd edilib.
2022-ci ilin 1 iyulundan qabaqcıl dünya təcrübəsi əsasında tətbiq
olunan yeni meyarlarla əlilliyin qiymətləndirilməsinin daha geniş
spektrdə olmaqla, orqanizmin funksiyalarının itirilməsi faizi
əsasında həyata keçirildiyi bildirilib. Habelə reabilitasiya
xidmətləri və vasitələri ilə təminat sahəsində görülən işlər, bu
sahədə yeniliklər diqqətə çatdırılıb.
Missiyanın üzvləri – Dünya Bankının ölkə meneceri Stefanie
Stallmeister, sosial müdafiə üzrə baş mütəxəssisləri Marijana
Jarasevic və Aleksandra Posarac, əməliyyatlar üzrə analitik Nigar
Saidixova aparılan islahatlara dair fikirlərini bildiriblər.
Görüşdə əlillik sistemi üzrə Dünya Bankının yeni məsləhət
xidmətləri və analitika çərçivəsində araşdırmaları təqdim edilib,
əlillik sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi
aparılıb.

