BMT-nin Ətraf Mühit Assambleyasının prezidenti Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib (FOTO)

Baş səhifə

Dekabrın 4-də BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci
sessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühit
naziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı Səfirliyini
ziyarət edib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycanın Keniyadakı Səfirliyi məlumat yayıb.

Abdullah Bin Ali Al-Amri, Omanın Keniyadakı səfiri Nasra Salem
Əl-Haşmi və onları müşayiət edən heyət səfirlikdə yaradılmış
Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi
ilə tanış olub, onun xatirəsini ehtiramla yad edib. Səfir Sultan
Hacıyev Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin
siyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə
qazanılan nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə
bərpa-yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan
genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan
irəliləyişlər haqqında məlumat verib.

Nazir Abdullah Bin Ali Al-Amri BMT-nin Ətraf Mühit Proqramının
(UNEP) Daimi Nümayəndələr Komitəsinin sədri qismində Azərbaycanın
növbəti həftə başlayacaq UNEA-nın 7-ci sessiyasına hazırlıqlarda
Omanın UNEA7 sədrliyi ilə səmərəli əməkdaşlığından razılığını ifadə
edib, Azərbaycanın sədrliyi ilə öz işinə başlayan Daimi
Nümayəndələr Komitəsinin açıq tərkibli iclasının məhsuldar
fəaliyyətinə görə təşəkkür edib.




Səfir Sultan Hacıyev 2024-cü ilin noyabrında COP29-a ev
sahibliyi etmiş Azərbaycanın UNEP-lə əməkdaşlığa və UNEA-nın uğurlu
nəticələr göstərməsinə böyük diqqət göstərdiyini bildirib, Omanın
UNEA7-nin hazırlıq proseslərində göstərdiyi aktiv fəaliyyətini
yüksək qiymətləndirib.

Səfir Azərbaycanın 2026-cı ilin 17-22 may tarixlərində ev
sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) barədə məlumat verib. Bildirib ki, iqlim
dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı
təsirləri bu mötəbər tədbirin əsas mövzulardan olacaqdır.