
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC məzmun
çatdırılma üzrə qlobal lider şirkətlərindən olan “GCORE” ilə
tərəfdaşlıq əldə edərək Azərbaycan üzrə əsas tərəfdaş statusunu
qazanıb.
Bu əməkdaşlıq həm texnoloji, həm də strateji baxımdan
Azərbaycanın Regional İnternet Haba çevrilməsi istiqamətində mühüm
addım hesab olunur və ölkənin beynəlxalq internet
infrastrukturundakı mövqeyini daha da möhkəmləndirir.
Məzmun Çatdırılma Şəbəkəsi (CDN) texnologiyası internetdə video,
oyun, proqram yeniləmələri və digər məzmunların istifadəçiyə daha
sürətli, sabit və etibarlı şəkildə çatdırılmasını təmin edən müasir
sistemdir. Sözügedən texnologiya sayəsində məlumat coğrafi cəhətdən
istifadəçiyə daha yaxın serverlər vasitəsilə təqdim olunur, bu da
xidmət keyfiyyətini və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə
yüksəldir.
Tərəfdaşlıq çərçivəsində CDN infrastrukturunun qurulmasının ilk
mərhələsi uğurla yekunlaşıb və nəticələr artıq özünü
göstərməkdədir. Yeni sistem sayəsində trafikin idarə olunması daha
çevik, infrastruktur daha optimallaşdırılmış hala gətirilib. Bu həm
texniki səmərəliliyi artırıb, həm də xərclərin azaldılmasına mühüm
töhfə verib.
Hazırda “Aztelekom”un CDN sistemi qlobal miqyasda fəaliyyət
göstərən sosial şəbəkələrin və oyun şirkətlərinin məzmununu
regiondakı istifadəçilərə daha sürətli və etibarlı şəkildə
çatdırır. Yeni başlayan tərəfdaşlıq nəticəsində dünyanın aparıcı
media və texnologiya şirkətləri ilə yanaşı, “Wargaming”, “Funcom”,
“Sandbox İnteractive”, “Nitrado”, “Photon”, “Fawkes Games”, “Saber
Interactive” kimi şirkətlər də bu sıraya daxil edilib.
Qeyd edək ki, son 5 ildə “Meta”, “Google”, “Akamai”, “Tencent”,
“Cloudflare” və digər qlobal “bulud” infrastruktur liderləri
(hyperscalers) olan şirkətlərlə qurulan geniş əməkdaşlıqlar
sayəsində “Aztelekom” ölkədə ən iri tərəfdaşlıq portfelinə
sahib qurumlardan birinə çevrilib.

