Gələn il pambıq üzrə məhsul əmsalı bu bölgələrə şamil ediləcək

Baş səhifə

Bakı.Trend:

Respublika üzrə pambıq yığımı yekunlaşmaq üzrədir. Dekabrın
3-dək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 348
035 ton xam pambıq tədarük olunub.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 3-nə olan operativ məlumata əsasən,
pambıq üzrə orta məhsuldarlıq 34,64 sentner/ha təşkil edir.

Azərbaycanın ənənəvi pambıqçılıq rayonlarından sayılan
Sabirabadda bu il 11 086,2 hektar sahədə pambıq əkilib. Bugünədək
sahələrdən 36 569,2 sentner pambıq yığılıb. Rayonda pambıq üzrə
orta məhsuldarlıq göstəricisi 33 sentner/ha təşkil edir. Sabirabad
rayonunda pambıq əkini aparan fermerlər 8 pambıq emalı şirkəti ilə
müqavilə bağlayaraq məhsulu bu şirkətlərə təhvil verirlər.
Fermerlərlə ən çox müqavilə bağlayan şirkətlər “Prime Cottton” MMC,
“Azərpambıq” MMC, “P-Agro” MMC şirkətləridir. Rayon üzrə
fermerlərlə imzalanmış pambıq istehsalı müqavilələrinin təxminən 59
faizi bu şirkətlərin payına düşür.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi
olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında
bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə
əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və
herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki
qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika
təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə
zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini
qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu
yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil
vermək öhdəliyinə malikdir. “Contract farming” formatında
müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı
problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir
tətbiq olunur və özünü uğurla doğruldur.

Qeyd edək ki, 2025-ci təsərrüfat ilində Respublikanın 16
rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını
pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan,
Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan)
payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min
hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha),
Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında
əkilib.




Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan
rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 40,24
sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8
898,3 ha sahədən 35 808,6 ton məhsul yığılaraq tədarük
məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala
(39,47 sentner/ha), Biləsuvar (38,34 sentner/ha), Tərtər (37,17
sentner/ha), Saatlı (35 sentner/ha) və Bərdə (34,96 sentner/ha)
rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq
göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. Salyan
rayonunda qeydə alınan 34,30 sentner/ha göstəricisi ümumrespublika
göstəricisinə yaxındır.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat
ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə
yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil
verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya
alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük
məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə
fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın
təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı
İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq
istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar
qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə
təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna
görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin
sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat
subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan,
Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı,
Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə
Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar
rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək
pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.