
Bakı.Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya,
Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika
ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın
perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal
dövlət texnologiyaları ilə tanış olublar. Təqdimatlar zamanı
vətəndaşyönümlü rəqəmsal həllər olan “mygov” və “mygov ID”, eləcə
də rəqəmsal hökumət həlləri – Rəqəmsal Sənəd Dövriyyəsi və
“digital.bridge” haqqında ətraflı məlumat verilib. Xüsusilə də
“mygov” timsalında “bir pəncərə” prinsipi ilə işləyən “GovTech”
məhsullar böyük marağa səbəb olub.
İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev
bildirib ki, Afrikanın bir sıra ölkələri Azərbaycanın rəqəmsal
inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır və İRİA bu istiqamətdə
sistematik olaraq təcrübə mübadiləsini həyata keçirməyə hazırdır.
O, həmçinin vurğulayıb ki, digər ölkələrin Azərbaycanın rəqəmsal
dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma
siyasətinin keyfiyyət göstəricisidir.
Qeyd edək ki, sözügedən görüşlər Ümumdünya Telekommunikasiyanın
İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilir və ölkələr
arasında rəqəmsal körpülərin qurulması, əməkdaşlıq imkanlarının
araşdırılması və texnoloji diplomatiyanın gücləndirilməsinə xidmət
edir.

