BMT Baş Assambleyasında ukraynalı uşaqlarla bağlı qətnamə qəbul olunub

Baş səhifə

Bakı.Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının
iclasında ukraynalı uşaqlarla bağlı qətnamə qəbul olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Ukraynalı uşaqların qayıdışı” adlı sənədin layihəsi Ukrayna,
Kanada və bir sıra Avropa ölkələri tərəfindən birgə şəkildə təqdim
olunmuşdu. Qətnamənin leyhinə 91 nümayəndə heyəti səs verib, 57
ölkə bitərəf qalıb, Rusiya və başqa 11 ölkə sənədin qəbuluna qarşı
çıxıb. Daha 30 ölkədən olan nümayəndə heyətləri isə səsvermədə
ümumiyyətlə iştirak etməyiblər.




Ukraynalı uşaqların 2014-cü ildən ( Moskvanın Krımı ilhaq etdiyi
vaxtdan) bəri ailələrindən ayrılması, o cümlədən işğal olunmuş
Ukrayna ərazilərində köçürülənlər və Rusiyaya deportasiya
olunanlarla bağlı qətnamədə onların aqibəti ilə bağlı dərin
narahatlıq ifadə olunur. Sənəddə bu hərəkətlər işğal olunmuş
ərazilərdən qorunan şəxslərin zorla köçürülməsini və ya
deportasiyasını qadağan edən Cenevrə Konvensiyalarının pozuntusu
kimi təsvir olunur.

Sənəd zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı
uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz qaytarılmasının təmin
edilməsini Rusiyadan tələb edir.