Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri arasında birgə fəaliyyət planı imzalanıb

Baş səhifə
Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri arasında birgə fəaliyyət planı imzalanıb

Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı çərçivəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirlikləri arasında birgə fəaliyyət planı imzalanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov sözügedən konfrans çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistanın fövqəladə hallar naziri general-mayor Botir Kudratxocayevlə görüşüb.

Kəmaləddin Heydərov ölkələr arasında dərin tarixi köklərə malik münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qarşılıqlı etimada söykənən müdrik və uzaqgörən siyasət sayəsində strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladıb.

Bu çərçivədə, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin sürətlə genişləndiyini vurğulayan nazir keçirilən görüşün qurumlar arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Bu baxımdan, imzalanacaq birgə fəaliyyət planının qarşılıqı təcrübə mübadiləsinin dərinləşdirilməsi və əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradacağı bildirilib.

Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev səmimi görüşə və qonaqpərvərliyə, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Görüşün sonunda “Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Özbəkistanın Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı” imzalanıb. Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Özbəkistanın fövqəladə hallar naziri Botir Kudratxocayev imzalayıblar.