
Bakı. Trend:
Sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibb
fəaliyyəti ilə məşğul olan şəxs və sertifikasiya şəhadətnaməsi
olmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə Aristokrat
Tibb Mərkəzi barəsində inzibati xəta haqqında protokol tərtib
edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Səhiyyə
Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aidiyyəti özəl
tibb müəssisəsində 02 dekabr 2025-ci il tarixində plandankənar
yoxlama keçirilib:
“Xidməti yoxlama zamanı aşkar edilən nöqsanlar rəsmiləşdirilib,
aşağıdakı hüquqi və fiziki şəxslə barəsində inzibati tənbeh tədbiri
seçilib.
– Araz Məmmədzadə, Kənan Həsənov, Elşən Əsgərovun sertifikasiya
şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə,
hüquqi şəxs kimi Aristokrat Tibb Mərkəzi MMC-yə inzibati xətalar
məcəlləsinin 215.4 maddəsi ilə;
– sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibb
fəaliyyəti ilə məşğul olan fiziki şəxsə Araz Məmmədzadəyə inzibati
xətalar məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqında
protokol tərtib edilib.
Tərtib olunmuş protokollar yoxlama materialları ilə birlikdə
növbəti icraata göndərilib.
Əlavə olaraq bildirilir ki, Sadiq Şükürov və İmaməli Abbasovun,
eləcə də Roza adlı şəxsin adına aidiyyəti müəssisənin rəhbərliyi
tərəfindən təqdim edilmiş işçi heyətin rəsmi siyahısına əsasən rast
gəlinməyib, uyğun olaraq da stomatoloji otaqlara baxış keçirilən
zamanı yuxarıda adları qeyd edilən şəxslərin yoxlama müddətində
praktik tibb fəaliyyətləri ilə məşğul olmaları müşahidə
edilməyib”.
Qeyd edək ki, Aristokrat Tibb Mərkəzində Sadiq Şükürov, Araz
Məmmədzadə, Kənan Həsənov, Elşən Əsgərov, İmaməli Abbasov və Roza
adlı şəxslərin müvafiq ixtisas və sənədləri olmadan
həkim-stomatoloq kimi fəaliyyət göstərdikləri iddiaları
yayılmışdı.

