Bakı. Trend:
“Ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssas
əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərin
sosial müdafiəsi və hərtərəfli dövlət qayğısı ilə əhatə
olunur”.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər
Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə
Əhmədova açıqlayıb.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji
Mərkəzi əsasən yaşlı insanlara daha ixtisaslaşmış və keyfiyyətli
tibbi yardım göstərmək məqsədilə yaradılıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan
Sosial Xidmətlər Agentliyi isə ahıl şəxslərin yaşayışı, keyfiyyətli
sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı
keçirmələri üçün yaradılıb.
N. Əhmədova qeyd edib ki, mərkəzin həkimləri dünya praktikasını
öyrənirlər, Azərbaycanda da tətbiq etmək məqsədilə, mütəmadi olaraq
xarici və yerli konfranslarda, seminarlarda və kurslarda iştirak
edirlər:
“Mərkəz herontologiya elminin öyrəndiyi spesifik yaşa uyğun
dəyişikliklərin əsasında üzə çıxan problemlərin həll edilməsi
məqsədilə müxtəlif dövlət və qeyri-hökümət qurumları ilə birgə elmi
araşdırmalar aparır. Yaşlı insanların asudə vaxtlarını daha
səmərəli keçirmələri üçün art terapiya ilə məşğul olan qurumlara
yönləndirir, ambulator xidmətlər göstərirərək əhalinin
sağlamlığının profilaktikasını və qorunmasını təşkil edir”.

