“Azercell Telekom” MMC qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Lider mobil operator sosial layihə müsabiqəsinin
qaliblərini elan edir.

“Azercell Telekom” MMC qadınların ictimai və iqtisadi həyatda
fəallığının artırılması istiqamətində gördüyü silsilə tədbirləri
davam etdirir. Şirkət “Həyatı daha dolğun edirik: qadınlara dəstək
proqramı” müsabiqəsinin qaliblərini elan edib. Qiymətləndirmə
zamanı dayanıqlıq, sosial təsir, rəqəmsal inklüzivliyin təşviqi,
həmçinin texnologiya vasitəsilə həyat keyfiyyətinin
yaxşılaşdırılması kimi meyarlara cavab verən layihələrə üstünlük
verilib.

Final mərhələsinə beş layihə keçib. Təqdim olunan ideyalar
əsasən qadın sahibkarlığının inkişafı və təhsilin gücləndirilməsi
istiqamətlərini əhatə edib. Finalda iştirak edən qeyri-hökumət və
qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər qarşısında
layihələrini təqdim ediblər. Münsiflər heyətinin yekdil qərarına
əsasən “Future Fem”, “Start Her” və “Robo Girls” layihələri qalib
elan olunub.

“Future Fem” layihəsi qadınların sahibkarlıq, innovasiya və
liderlik sahəsində praktiki bilik və bacarıqlarını artırmağı,
onların iqtisadi və sosial həyatda rolunu gücləndirməyi hədəfləyir.
Eyni zamanda, qadın liderlər və texnologiya mütəxəssisləri ilə
mentorluq imkanları yaradır.

“Start Her” layihəsi çərçivəsində Quba rayonu və ətraf
kəndlərdən 20 gənc qıza startap və sahibkarlıq, eləcə də liderlik
bacarıqlarının inkişaf etdirilməsi üçün 3 ay ərzində təlimlər
təşkil olunacaq. Təlim proqramının sonunda qızların qazandıqları
bilikləri və ideyalarını nümayiş etdirmələri üçün hakaton
keçiriləcək.




“Robo Girls” layihəsinin məqsədi Beyləqan və ətraf kəndlərdə
təhsil alan qızların robototexnika və texnologiyalara marağını
gücləndirmək, eləcə də yeni nəsil qadın İT və süni intellekt
mütəxəssislərinin yetişdirilməsinə töhfə verməkdir.

Təşəbbüslərin reallaşdırılmasına dəstək məqsədilə Azercell
ümumilikdə 30.000 AZN vəsait ayırıb.

Müsabiqənin qiymətləndirilmə prosesi şəffaflıq və obyektivlik
prinsiplərinə əsaslanaraq, bu sahədə ixtisaslaşmış müstəqil
ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən həyata
keçirilib.

“Azercell Telekom” MMC müsabiqəyə qatılan bütün iştirakçılara
təşəkkür edir, qaliblərə layihələrinin həyata keçirilməsində
uğurlar arzulayır. Şirkət ölkədə innovasiya və inklüzivliyin
təşviqinə töhfə verən layihələrə dəstək olmağa davam edəcək.