Bu görüşün nəticələri TDT-də hərbi və mülki xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcək – Baş katibin müavini

Baş səhifə

Bakı. Trend:

Ötən il biz çox uğurlu ilk görüşümüzü keçirdik və Kartoqrafiya
İnstitutlarının rəhbərlərinin görüşü Ankarada təşkil olundu.
Bununla da biz bu görüşlərin platformasını formalaşdırdıq.

Trend xəbər
verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Baş katibinin
müavini Merey Mukajan Türk Dövlətləri Təşkilatına (TDT) üzv
ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında
çıxışı zamanı deyib.

O xatırladıb ki, son müddət ərzində Kartoqrafiya İnstitutunun
nümayəndələri ekspert səviyyəsində görüşlər keçirib və OTS xəritəsi
— Türk Dövlətlərinin xəritəsi hazırlanıb:

“Artıq zaman yetişib və indi türk dövlətləri öz ortaq
xəritələrini hazırlayır. Bu görüşün nəticələrinin hərbi və mülki
xəritəçəkmə sahələrində əməkdaşlığı daha da gücləndirəcəyinə
əminəm”.

Baş katibin müavini vurğulayıb ki, Türk dövlətləri elmə,
riyaziyyata, fizika və astronomiyaya, eləcə də kartoqrafiyaya çox
böyük töhfələr verib:

“Kartoqrafiya sayəsində türk dövlətlərində mühüm məlumatlar
toplanıb, tarix boyunca əhəmiyyətli əsərlər yaradılıb. Bu xəritələr
dünya xəritəçiliyinin ən qədim nümunələrindən sayılır”.

Merey Mukajan qeyd edib ki, bugünkü görüş türk dövlətləri
arasında tarixi bir mərhələ kimi yadda qalacaq və gələcəkdə bu
sahədə mühüm əməkdaşlıq təşəbbüslərinin əsasını qoyacaq.