ABŞ və Braziliya prezidentləri telefon danışığı aparıblar

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp braziliyalı həmkarı Luis İnasiu Lula
da Silva ilə telefon danışığında Braziliya mallarına tətbiq edilən
rüsumları müzakirə edib.

Trend-in
məlumatına görə, bunu amerikalı lider Ağ Evdə jurnalistlərə
açıqlamasında bildirib.




“Bəli, gözəl söhbətimiz oldu. Ticarətdən, sanksiyalardan
danışdıq. Çünki bildiyiniz kimi, mən baş verən müəyyən hadisələrlə
bağlı sanksiyalar tətbiq etmişəm. Amma çox gözəl söhbətimiz oldu.
Mən bundan həzz aldım”, – Tramp deyib.

Braziliya tərəfi də çərşənbə axşamı danışıqla bağlı məlumat
yayıb. Məlumata əsasən, Lula da Silva ABŞ-nin ət, qəhvə və meyvə
kimi bəzi Braziliya məhsullarına tətbiq etdiyi əlavə 40 faizlik
gömrük rüsumunu ləğv etməsi qərarını müsbət qiymətləndirib. O
həmçinin qeyd edib ki, ölkələr tariflərə tabe olan digər malları da
müzakirə etməlidirlər və Braziliya bu mövzu ilə bağlı danışıqlara
mümkün qədər tez başlamağa hazırdır.