
“Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı açıqlaması zamanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib:
“Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər”.
Uşakov ABŞ-ın Ukrayna ilə bağlı sülh təklifi haqqında da danışıb. Bildirib ki, Rusiya bu təklifdə nə iləsə razılaşmağa hazırdır.
“Təklifdə nələrsə tənqidə səbəb olub. Lakin faydalı müzakirə baş tutdu”, – o deyib.
Uşakov qeyd edib ki, Vladimir Putin Trampa Uitkoff vasitəsilə salamlarını, eləcə də bir sıra siyasi siqnalları çatdırıb.
O əlavə edib ki, Ukrayna böhranının həlli ilə bağlı ABŞ tərəfindən işlənmiş bəzi materiallar müzakirə edilə bilər.
Uşakovun sözlərinə görə, Rusiya prezidenti ilə Uitkoff arasındakı görüşdə konkret ifadələr deyil, ABŞ sənədlərində qeyd olunanların mahiyyəti müzakirə olunub.

