
Vaxtilə “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev hazırda dövlətə qarşı ağır ittihamlarla üz-üzədir. Bu prosesin diqqətçəkən tərəfi yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın qohumları da araşdırmalara cəlb edilib. İki gün əvvəl Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi.
Metbuat.az Haqqin.az-a istinadən xəbər verir ki, adı saysız-hesabsız korrupsiya iddialarında hallanan gömrük generalı Telman Mehdiyev də onun qohumu kimi təqdim edilir. General Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək postlarda çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. O, 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir.
İddialara görə, o, bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq biznesmenlərə qarşı cinayət işləri başlayıb və təzyiq mexanizmlərində xüsusi rol oynayıb. 2022-ci ilin əvvəlində o dövrdə DGK-nın sədri olmuş Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Lakin bu vəzifədə o, uzun müddət qalmayıb. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərilıb. Ekspertlər bunu “himayəçisiz qalan” generalın sistemdən “səssiz şəkildə uzaqlaşdırılması” kimi dəyərləndiriblər.
Son günlər isə Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev isə Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir. 5 may 2014-cü ildə o, fövqəladə hallar nazirinin müavini təyin olunub və general-mayor rütbəsi verilib. Daha əvvəl o, Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsini tuturdu. Teymur Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb. Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunmasından sonra onun yaxınlarının da istintaqa cəlb ediləcəyi gözləntiləri var.

