
Bakı.Trend
“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək
münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış
məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”
QSC-dən bildirilib.
Qurumda aparılmış səmərəlilik qiymətləndirmələri nəticəsində
metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi
xidmətlərin — o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin —
bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha
effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib.
Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq,
resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas
istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətlərin kənar
ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul
olunub.
Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin
fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək
münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum
tərəfindən bir sıra addımlar atılıb.
Belə ki, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam
olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə
tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif
olunur:
– Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin
olunmaq;
– “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə
uyğun alternativ iş təklifi;
– Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və
müavinətlərin ödənilməsi.
“Bakı Metropoliteni” QSC bütün prosesləri şəffaflıqla, sosial
məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam
riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız
qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim
olunacaq.

