
Bakı.Trend:
Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Bu
günədək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə
345 101 ton xam pambıq tədarük olunub.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-nə olan operativ məlumata əsasən,
pambıq üzrə orta məhsuldarlıq 34,35 sentner/ha təşkil edir.
2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq
əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə
ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar,
İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu
rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara
yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11
821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.
Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan
rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 39,79
sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8
898,3 ha sahədən 35 410,3 ton məhsul yığılaraq tədarük
məntəqələrinə təhvil verilib.
Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala
(39,3 sentner/ha), Biləsuvar (37,97 sentner/ha), Tərtər (37,06
sentner/ha), Saatlı (34,67 sentner/ha) və Bərdə (34,56 sentner/ha)
rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq
göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi
olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında
bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə
əsasən, şirkət fermeri zəruri toxum, gübrə və bitki mühafizə
vasitələri ilə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki
qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika
təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerlərə
zəruri aqronomik dəstək göstərərək, əkin xərclərini qarşılamaq üçün
avans verir. Fermer isə bunun qarşılığında məhsulu yetişdirmək və
müqavilədə müəyyən olunmuş şərtlər daxilində şirkətə təhvil vermək
öhdəliyinə malikdir. “Contract farming” formatında müqaviləli əkin
fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan
qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və
özünü uğurla doğruldur.
Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat
ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə
yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil
verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya
alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük
məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə
fermerlərə 195 manat subsidiya ödəniləcək.
Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın
təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı
İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.
Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq
istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar
qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə
təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna
görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin
sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat
subsidiya ödənilməsi nəzərdə tutulur.
Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan,
Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı,
Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə
Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar
rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək
pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.
Respublikada pambıq yığımı davam edir.

