
İran məhkəməsi 2022-ci ildə ABŞ-ı ölkədə baş verən etirazlardakı rolu səbəbindən 22 milyard dollar məbləğində cərimələyib.
APA İran mediasına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin sözçüsü Əsğər Cahangir bildirib.
O deyib ki, İran İslam İnqilabından sonrakı “çoxsaylı cinayətlərdə ABŞ dövlətinin izi açıq-aydın görünür”.
Əsğər Cahangirin sözlərinə görə, 2022-ci ilin payızında Məhsa Əmininin ölümü ilə bağlı olaraq, ABŞ hökuməti və İsrail də daxil olmaqla, “bəzi dairələr ictimai hisslərdən sui-istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışıblar ki, bu da çoxsaylı ölüm hallarına və insanların ciddi zərər görməsinə səbəb olub”.
Ədliyyə Nazirliyinin sözçüsü qeyd edib ki, etiraz aksiyalarında həlak olan və yaralananların ailələrindən 307 nəfər ABŞ hökumətinə, həmin ölkənin dövlət və hərbi rəsmilərinə qarşı hüquqi iddia qaldırıb.
“İş Şəhid Beheşti Məhkəmə Kompleksinin Beynəlxalq Əlaqələr üzrə 55-ci Ümumi Hüquq Məhkəməsində araşdırıldı. Məhkəmənin hökmünə əsasən ABŞ İrana 22 milyard dollar məbləğində təzminat ödəməlidir”, – Ədliyyə Nazirliyinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə Məhsa Əmininin polis bölməsində həyatını itirməsindən sonra İranda “qadın, həyat, azadlıq” şüarı altında etiraz aksiyaları keçirilib.

