AXCP-nin fəaliyyətinə son qoyulmalıdır – Deputat

Baş səhifə

Bakı. Trend:

Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət
təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba
batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki
aidiyyatlı cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla
cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb
edilməsini nəzərdə tutur.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar
iclasında çıxışı zamanı deyib.

“Görünür, AXCP funksionerlərini qorxudan da elə budur. Onlar
bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan
siyasi sondur. Çünki, Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa
müraciətində də ifadə olunduğu kimi AXC, Qorboçovun yenidənqurma
siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq
Cəbhəsi, hər zaman imperializmin bürosu olub.

Düzdür, indi özlərini Rusiya əleyhdarı qüvvələr kimi təqdim
etməyə cəhd göstərirlər, amma bu sadəcə ucuz populizm və gözə kül
üfürmədir. Anti-Rus bəyanatlar fonunda real əmələ gələndə, nə
Elçibəyə qədər, nə də Elçibəydən sonra heç bir prezident
“Rusiya-Azərbaycan sərhəddi olmamalıdır, yaxud Azərbaycan-İran
sərhədlərini biz Rusiya ilə müştərək qorumalıyıq” kimi bəyanatlar
verməyib.

Ona görə də bu gün Cəmil Həsənli kimi heç bir milli və əxlaq
dəyəri olmayan siyasi buqələmun pafosla çevriliş cəhdi
ittihamlarını öz aləmində rədd edib iddia edə bilməməlidir ki,
AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub.
Arqument gətirilər ki, güya bunlar rus qoşunlarını ölkədən çıxarıb.
Yaxşı, AXC rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2
mindən artıq Rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi? 90-cı
illərdə Azərbaycandan gedən əsgərlər dağılmış bir ölkənin başsız
qalmış hərbiçiləri idi. Əgər bir ölkənin Ali Baş Komandanı
Azərbaycan-İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən
qorunmasını özü öz dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən
çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan
Prezident İlham Əliyev çıxarıb. 2012-də və 2024-cü illərdə.

İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya
ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab
versinlər, bu müttəfiqlik hansı milli maraqlar bahasına başa
gəlib?

Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında
hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan
qüvvələrdən fərqli olaraq, Prezident İlham Əliyev iqtidarı bütün
münasibətlərdə Azərbaycanın ləyaqətli bərabərhüquqlu tərəf kimi
hərəkət azadlığını təmin edib, bu müstəqil siyasət bizə Rusiyanın
müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi,
Rusiya sülhməramlılarının vaxtından ilyarım əvvəl Qarabağdan
çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin rəsmən üzr
istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş
etdirməyə imkan verib”, – deyə o bildirib.

Deputat əlavə edib ki, manipulyasiyalara, qalxan ajiotajlara
qətiyyən meydan verilməməlidir.

“Aidiyyatı orqanlar qətiyyətli davranmalı, antimilli maraqların
təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni
radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında
araşdırmalar başlamalıdır. Bu gün Azərbaycandan başqa heç bir
keçmiş Sovet İttifaqı ölkəsində Xalq Cəbhəsi anlayışı qalmayıb. Bu
bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya” oyunu
milli maraqdan daha üstün deyil”, – deyə o fikrini
yekunlaşdırıb.