Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və “Deloitte Azərbaycan”ın sponsorluğu ilə həyata keçirilən “Best
Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi çərçivəsində
növbəti inkişaf yönümlü tədbir keçirilib.
Tədbirdə proqramın hazırkı mərhələsi, qiymətləndirmə modeli və
qarşıdakı kouçinq sessiyalarının əsas istiqamətləri təqdim edilib.
Komandaların inkişaf ehtiyacları, liderlik bacarıqlarının
gücləndirilməsi və beynəlxalq “Best Managed” standartlarına
uyğunlaşma mövzuları müzakirə olunub.

“PAŞA Bank”ın korporativ və institusional bankçılıq üzrə aparıcı
direktoru Heydər Süleymanov çıxışında proqramın
ölkədə idarəetmə mədəniyyətinin inkişafına verdiyi töhfələri
vurğulayıb:
“PAŞA Bank olaraq sağlam biznes mühitinin formalaşmasını və
şirkətlərimizin regional və qlobal miqyasda
rəqabətqabiliyyətliliyinin artmasını daim prioritet hesab edirik.
Deloitte ilə tərəfdaşlığımız da məhz bu dəyərlərə xidmət edir.”
Görüşdə əvvəlki illərin qalibləri – “Metak” və
“Azərsun” – təcrübələrini bölüşərək proqramın
biznes proseslərinin transformasiyasına və korporativ idarəetmənin
gücləndirilməsinə verdiyi real faydaları təqdim ediblər.
Müsabiqə üçün qeydiyyat davam edir. Son müraciət tarixi
– 5 dekabr.

“Best Managed Companies” proqramı “Deloitte” tərəfindən 33 il
ərzində 47 ölkədə uğurla tətbiq olunan beynəlxalq biznes
müsabiqəsidir. Azərbaycanda isə bu layihə “PAŞA Bank” və “Deloitte
Azərbaycan”ın birgə təşkilatçılığı ilə həyata keçirilir. Müsabiqədə
iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən
strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə
göstəriciləri üzrə dörd əsas meyara görə qiymətləndirilir. “Best
Managed Companies Azerbaijan” proqramının sponsorları “Deloitte
Private” və “PAŞA Bank”, tərəfdaşları isə Biznesin İnkişafı Fondu,
AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.




