
Bakı. Trend:
Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində
səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
Trend xəbər verir
ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Ölkə üzrə bütün seçki məntəqələri rəsmi olaraq bağlanıb.
Xaricdə səsvermə də saat qurşaqları nəzərə alınmaqla mərhələli
şəkildə həyata keçirilib. Qırğızıstan Xarici İşlər Nazirliyinin
məlumatına görə, Bişkek vaxtı ilə saat 20:00-a qədər Yaponiya,
Cənubi Koreya, Çin və Rusiyanın bir neçə şəhərində yerləşən 22
seçki məntəqəsində səsvermə tamamlanıb.
Eyni zamanda, Qırğızıstandan kənarda Rusiya, Türkiyə, BƏƏ,
Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Macarıstan, Almaniya,
Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə, Fransa və
digər ölkələrdəki 77 seçki məntəqəsində səsvermə davam edir və bu
məntəqələr yerli vaxtla bağlanacaq.
MSK-nın məlumatına görə, saat 19:00-a olan məlumata əsasən,
seçici fəallığı 1 473 264 nəfər olub ki, bu da nəzarət siyahısında
olan vətəndaşların 34,31%-ni təşkil edir. Siyahıda ümumilikdə 4 294
243 seçici qeydiyyatdadır.
Seçkilər 30 noyabrda baş tutub. 460 namizəd iştirak edib. Ölkə
30 seçki dairəsinə bölünüb və hər dairədə seçicilər üç deputat
seçərək ümumilikdə 90 parlament üzvü müəyyənləşdirəcək.

