
Polşanın paytaxtı Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanı 5 dekabr, cümə gününə keçən gecə iki yarım saatlıq müddətə fəaliyyətini dayandıracaq.
APA xəbər verir ki, bu barədə hava limanının dispetçer xidməti məlumat yayıb.
“Müxtəlif tipli bütün təyyarələrin uçuş və enişi üçün hava limanı yerli vaxtla 00:30-dan 03:00-a qədər bağlı olacaq. Bu məlumat bütün aviaşirkətlərə uçuş cədvəllərini dəqiqləşdirmələri üçün əvvəlcədən çatdırılıb”, – deyə məlumatda bildirilib.
Ölkənin əsas hava limanının bağlanma səbəbi açıqlanmayıb.
Dispetçer xidməti həmçinin bildirib ki, Varşavanın digər iki hava limanı gələn həftə üçün uçuş cədvəllərində hər hansı dəyişiklik elan etməyib.

