
Bakı. Trend:
28 noyabr tarixində Polşa Respublikasının paytaxtı Varşava
şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və
Polşa Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq
məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Polşa
nümayəndə heyətinə isə Polşa Respublikasının Xarici İşlər
Nazirliyinin Konsulluq Məsələləri idarəsinin müdiri Justyna
Chrzanovska rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Polşa Respublikası ilə
konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf
perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin
imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması
imkanları nəzərdən keçirilib.
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə,
daxili işlər, prokurorluq, miqrasiya sahəsində çoxtərəfli və
ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi
ətrafında fikir mübadilə aparıblar.

