
Cari ilin ilk 10 ayında 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin təxminən 50%-i icbari tibbi sığorta sistemindən istifadə edib. Bu müraciətlər çərçivəsində ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib ki, bu da həm sistemin xidmət yükünü, həm də vətəndaşların sığortaya olan etibarını əks etdirən əhəmiyyətli göstəricidir.
Metbuat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncədə keçirilən media-tur və təlim zamanı bildirib.
Aynurə Əhmədova qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə icra olunan tibbi xidmətlərdə nəzərəçarpan artım müşahidə olunur:
“Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara gəldikdə isə bir neçə istiqamət ön plana çıxır. Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır.”
Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi vətəndaşlara əlavə xərc çəkmədən, zaman itirmədən yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin edir və regionlar üzrə xidmətlərin əlçatanlığını artırır.

