
Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Pekin
şəhərində yüksək səviyyəli görüşlər keçirib.
Trend xəbər verir ki, Səfər
Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq Xüsusi Nümayəndəsi,
səfir Vu Honqbo ilə görüşlə başlayıb. Daha sonra Tsinghua
Universitetinin Manfsild Friman professoru, “Çin və Dünya
İqtisadiyyatı Mərkəzi”nin (CCWE) direktoru, tanınmış iqtisadçı Li
Daokui, eləcə də Mərkəzin İdarə Heyətinin üzvü və Şvartsman
Kollecinin İcraçı dekanı Dr. David Pan ilə görüşlər
keçirilib.Görüşlər zamanı əməkdaşlıq imkanları, eləcə də XIII
Qlobal Bakı Forumunda Çin nümayəndələrinin iştirakı müzakirə
olunub.
Səfərin növbəti günündə nümayəndə heyəti Çin Xalq Xarici İşlər
İnstitutunun prezidenti Vu Ken və institutun vitse-prezidenti Yan
Tao ilə görüşüb. Tərəflər humanitar dialoq, qlobal məsələlərdə hər
iki qurumun birgə fəaliyyət perspektivləri və çoxtərəfli əməkdaşlıq
barədə fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində Dünya Bankının sabiq baş iqtisadçısı və baş
vitse-prezidenti professor Justin Yifu Lin ilə görüş də keçirilib.
Regional iqtisadi tendensiyalar və dayanıqlı inkişaf
strategiyalarının müzakirəsinin ardından, görüşdə həmçinin 2026-cı
ildə keçiriləcək XIII Qlobal Bakı Forumu, Ümumdünya Şəhərsalma
Forumu və Mərkəzin BMT çərçivəsində təşkil etdiyi tədbirlər barədə
fikir mübadiləsi aparılıb.
Pekin görüşləri NGBM-in Çin tərəfdaşları ilə strateji
əlaqələrinin daha da möhkəmlənməsinə və Mərkəzin qlobal dialoqun
təşviqində rolunun genişlənməsinə mühüm töhfə verib.

