
Bakı.Trend:
Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq və bu
dəyişikliklər qaçılmazdır. Biz bu dəyişiklikləri həyatın bir
parçası kimi qəbul etməliyik.
Trend xəbər
verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin təşkil etdiyi “İKT Karyera Sərgisi 2025”də panel
müzakirəsində çıxışı zamanı İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyi Data idarəedilməsi departamentinin müdiri Kamran Ağayev
səsləndirib.
“Ənənəvi yolla işləməyə davam etmək sizi doğru yola aparmaya
bilər. 25 illik karyeram ərzində bir neçə inqilab gördüm və
müşahidə etdim ki, ənənəvi üsullarla davam edən mütəxəssislər uğur
qazanmır. Buna görə də karyera istiqamətində ənənəvi deyil,
innovativ yollarla hərəkət etmək lazımdır”, – o əlavə edib.
Kamran Ağayev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər
üçün süni intellekt Strategiyası”ndan sonra Data idarəedilməsi üzrə
strateji yol xəritəsi hazırlanacaq. Bu strategiyanın qəbulu gələn
il üçün planlaşdırılır və sənədlər hazırda bir neçə dövlət
qurumunda yoxlanışdadır:
“Dünyada yeni tələblərə uyğun ixtisaslar yaradılır və bunlar
Azərbaycana gətirilməlidir. Bütün sahələrdə beynəlxalq təcrübəni
ölkəmizə tətbiq etmək vacibdir”.

