İRİA “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Astana Hub” Texnoparkı
ilə Anlaşma Memorandumu imzalayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın
“Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu
imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və
startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı
gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və
qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.




Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap
ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx
əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur
maliyyələşmə imkanlarına əlçanlığı genişləndirməkdir. “Astana Hub”
ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə
mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, sənəd, eyni zamanda, Azərbaycan və Qazaxıstan
startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya
proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını
nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri
üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də
tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər
arasındadır.