İKTA telekommunikasiya operatorları və provayderləri ilə payız-qış mövsümünə hazırlığı müzakirə edib

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə
tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyində (İKTA) mobil və sabit telekommunikasiya operatorları,
həmçinin iri internet servis provayderlərinin iştirakı ilə 2025 –
2026-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı görüş keçirilib.
Toplantıda şəbəkələrin dayanıqlığının təmin olunması, ekstremal
hava şəraitinin təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin
gücləndirilməsi və xidmətlərin fasiləsizliyinin qorunması
məsələləri müzakirə olunub.

Görüş zamanı operatorlar mövsümlə bağlı aparılmış hazırlıq
işləri, mövcud çətinliklər və ehtiyac duyulan resurslar barədə
məlumat veriblər. İKTA tərəfindən infrastrukturun ehtiyat
bağlantılarla gücləndirilməsi, enerji təminatının (generator, UPS)
tam hazır vəziyyətə gətirilməsi, açıq hava avadanlıqlarında
izolyasiya işlərinin aparılması, həmçinin xidmətin keyfiyyət
indikatorlarının 24/7 nəzarətdə saxlanılmasının vacibliyi xüsusi
vurğulanıb.




Agentlik qüllə və kabel təsərrüfatlarının qışa hazırlığı,
fövqəladə hallarda operativ reaksiya qruplarının formalaşdırılması,
sərhədyanı ərazilərdə arzu olunmayan rouminq risklərinin
azaldılması, eləcə də istifadəçilər üçün qabaqlayıcı SMS
xəbərdarlıqlarının təmin edilməsi ilə bağlı operatorlara əlavə
tövsiyələr verib. Bildirilib ki, qış mövsümündə telekommunikasiya
xidmətlərinin fasiləsiz, təhlükəsiz və dayanıqlı təmin olunması ilə
əlaqədar “Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı”
çərçivəsində operatorlar tərəfindən görülən işlərin nəticələrinin
müzakirəsi məqsədilə mövsüm ərzində dövri görüşlərin keçirilməsi və
nəzarətin gücləndirilməsi nəzərdə tutulur.