
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) informasiya bütövlüyünün
təmin olunması üzrə Təşəbbüsün işə salınması planlaşdırılır.
Trend xəbər verir
ki, bunu TDT Baş katibinin müavini Ömer Kocaman Bakıda keçirilən
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya
üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci
toplantısında bildirib.
“Hal-hazırda təşkilatımızın 2027–2031-ci illəri əhatə edən
beşillik strategiyası üzərində çalışırıq. Bu strategiya
çərçivəsində “TDT-nin İnformasiya Bütövlüyünün Təminatı Təşəbbüsü”
adlanan yeni bir strukturun yaradılması nəzərdə tutulur. Təşəbbüsün
məqsədi birgə verifikasiya və faktların yoxlanılması
mexanizmlərinin işlənib hazırlanması, vətəndaşların media
savadlılığının artırılması üzrə kompleks proqramların həyata
keçirilməsi, həmçinin informasiya müharibəsi təhlükələrinə cavab
vermək üçün əlaqələndirilmiş mexanizmlərin tətbiq olunmasıdır”, –
deyə o bildirib.
Ö. Kocamanın sözlərinə görə, informasiya dünyagörüşünü
formalaşdıran və siyasətə təsir edən strateji resursdur.
Baş katibin müavini qeyd edib ki, iclasın bu gün Bakıda
keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu gözəl şəhər bizim ortaq irsimizi və birlikdə qurmaq
istədiyimiz gələcəyi təcəssüm etdirir. Azərbaycan türk dünyasında
əməkdaşlığın gücləndirilməsində həmişə mühüm rol oynayıb.”

