TDT-nin beynəlxalq aktora çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik – Ömər Kocaman

Baş səhifə

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatının Bakıda keçirdiyi informasiya
sahəsinə dair yüksək səviyyəli rəsmilərin toplantısını az öncə
yekunlaşdırdıq və 2026-cı ildə Türk Dövlətləri Təşkilatının hansı
sahələrdə, hansı addımları atacağına dair qərarı hamımız birlikdə
yekdilliklə imzaladıq.

Trend xəbər
verir ki, bunu TDT baş katibinin müavini Ömər Kocaman bu gün Bakıda
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya
üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci
toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonrakı mərhələdə Bakıda həyata keçirilən
bu ev sahibliyi çərçivəsində Azərbaycan Respublikasının ortaya
qoyduğu qərarların effektiv şəkildə icrası qalır.




“Başda Azərbaycanın ev sahibliyi olmaqla Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin demək olar ki, hamısında informasiya və
kommunikasiya sahəsində oxşar yanaşmalar mövcuddur. Bütün üzv
dövlətlərin nazirləri və yüksək səviyyəli nümayəndələri demək olar
ki, eyni məqamlara diqqət çəkdilər. Bu mövzuların başında media
savadlılığı, dezinformasiya ilə mübarizə və məlumatın düzgün
şəkildə paylaşılması dayanır”.

Ö.Kocaman qeyd edib ki, biz Türk Dövlətləri Təşkilatı və Türkiyə
Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi
olaraq, informasiyanın düzgün şəkildə geniş kütlələrə çatdırılması
üçün Türk Dövlətləri Təşkilatının təsirli regional aktordan çıxaraq
beynəlxalq aktora çevrilməsi istiqamətində kommunikasiya sahəsində
üzərimizə düşən vəzifələri yerinə yetirəcəyimizi bildirdik.

“Türkiyə Respublikası Prezident Administrasiyasının
Kommunikasiya İdarəsi olaraq da buna dair bütün töhfələri
verəcəyik”,-deyə o əlavə edib.